"İmişli"dən qapı toru ilə bağlı biabırçılığa reaksiya
Xəbər verdiyimiz kimi, ev oyunlarını Quba şəhər stadionunda keçirən “İmişli” klubu arenanın cırılmış qapı torunu yeniləmək əvəzinə torun cırılmış hissələrini iplərlə bir-birinə bağlamaqla problemi aradan qaldırmağa çalışıb.
Dövlətdən 2,5 milyon manat dotasiya alan, Kamran Eyyubovun başçılıq etdiyi bölgə təmsilçisinin 500-600 manatlıq problemi bu üsulla “həll etməsi” birmənalı qarşılanmayıb və müxtəlif müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı "İmişli"dən Sportlife.az saytına bildirilib ki, digər klublardan fərqli olaraq, “İmişli” Quba Olimpiya-İdman Kompleksinin arenasının icarə haqqını müqavilə şərtlərinə uyğun şəkildə vaxtında ödəyir: "Eyni zamanda qeyd etmək istərdik ki, mövcud müqaviləyə əsasən, stadionda aparılan bütün təmir və yaxşılaşdırma işləri icarədarın məsuliyyətinə daxildir. Bu çərçivədə, meydançanın Premyer Liqa tələblərinə uyğun vəziyyətə gətirilməsi də birbaşa icarədarın öhdəliyidir".