Sxadadze: "Belədə komandada atmosfer də pozulur"
Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, yaxşı nəticə qazandılar. Birinci hissədə oyunçularda gərginlik hiss olunurdu. Fasilədən sonra rəqibə imkan vermədik. Demək olar, şans yarada bilmədilər. İlk hissənin sonunda futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz. Bizim üçün hər oyun finala bərabərdir. Bu gün də göstərdik ki, oynaya bilirik.
– Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər sizi istefaya səsləyir, artıq klubun yeni baş məşqçi axtarması ilə bağlı xəbərlər çıxırdı. Bu, sizə necə təsir edirdi?
– Hər yerdə belədir. Komanda uduzursa, günahkar məşqçidir. İşimiz belədir. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Onlarla görüşdüm və xahiş etdim ki, belə etməsinlər. Belə olanda komanda daxilində atmosfer də pozulur. Klubda görüş oldu, rəsmilər iştirak etdi. Bu, komandaya müsbət təsirini göstərdi.
– Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Sizcə, bu qələbəni şişirtməyə dəyər, ya necə? Nə düşünürsünüz?
– Yaxşı oyunlar oldu. Ayxan Abbasov komandanı toparlaya bilib. Psixoloji baxımdan belə qələbələr vacibdir. Komandanı indiki məqamda tənqid etmək olmaz. Bu, millidir və hər kəs onlara azarkeşlik etməlidir.