
Paraqvaydan nə xəbər?
15 gün əvvəl AFFA-nın saytında belə bir xəbər paylaşılmışdı:
"Paraqvayın paytaxtı Asunsyonda FIFA-nın 75-ci Konqresi keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcək."
Bu xəbərdən sonra AFFA-nın rəsmi saytında Konqres barədə təəssüratlara və nəticələrə dair məlumatların dərc olunacağı gözlənilirdi. Lakin bu səfərlə bağlı heç bir əlavə məlumat verilmədi.
Xatırlayırsınızsa, aprel ayında UEFA-nın Belqraddakı tədbirində də Hacıyev–Fərəcullayev tandemi birgə iştirak etmişdi. Lakin tədbirdən sonra Sərxan bəy Bakıya qayıtmış, Cahangir bəy isə AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın departament direktoru Elxan Məmmədovla görüşmək üçün Parisə yollanmışdı. O zaman AFFA-nın saytında bu barədə məlumat verilmiş, görüşün "futbolun inkişafı və kütləviliyin artırılması" mövzularında olduğu bildirilmişdi.
Bu dəfə isə həm səfərdən sonrakı informasiya boşluğu, həm də Cahangir Fərəcullayevin ümumiyyətlə görünməməsi müəyyən suallar doğurur. Hətta AFFA-nın ənənəvi veteran futbolçulara forma təqdimetmə mərasimlərində belə baş katibin iştirak etməməsi diqqətdən yayınmır.
Paraqvay səfəri demək olar ki, tam qapalı qutudur. Nə bir foto, nə də cümləlik xəbər var. İstər-istəməz sual yaranır: Cahangir bəy Paraqvaydan qayıdıb, ya yox? Əgər qayıdıbsa, niyə görünmür? AFFA-nın gündəlik xəbərlərində adı niyə çəkilmir?
Fərəcullayevin əvvəlki Paris səfərinin AFFA daxilində də birmənalı qarşılanmadığı artıq çoxlarına bəllidir. Bu baxımdan, Paraqvay səfəri çərçivəsində hansı görüşlərin keçirildiyi, hansı məsələlərin müzakirə olunduğu barədə ictimaiyyətin məlumatlandırılması zəruridir.
Bəlkə bu dəfə də Paraqvayda hansısa "xüsusi" görüşlər baş tutub? Elxan Məmmədovla yenidən görüş keçirilibmi? Əgər belədirsə, hansı məsələlər ətrafında fikir mübadiləsi aparılıb?
Futbol ictimaiyyəti və media bu cür beynəlxalq səfərlərin nəticələrini öyrənməkdə maraqlıdır. Əks halda, belə informasiya boşluqları yeni suallar və ehtimallar doğurmağa davam edəcək.
Mirələm HƏSƏNLİ