Böyük klub, böyük büdcə, böyük suallar...

  • 30 May 2025, 17:41

“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə isə 12-ci dəfə ölkə çempionu oldu. İllərdir sabit idarəçilik, peşəkar struktur və düzgün məşqçi seçimi sayəsində Ağdam klubu Azərbaycan futbolunda dominant statusunu qoruyur. Bu mövsüm ötən illə müqayisədə daha yaxşı nəticə də əldə olundu. 83 yox, artıq 89 xal.

Bəs bu uğurun arxasında nə dayanır? Əlbəttə ki, düşünülmüş büdcə siyasəti və peşəkar idarəçilik.

Klub rəhbərliyi keçən mövsüm 30 milyon, bu dəfə isə 34 milyon manat xərcləyib. Ən böyük büdcə ilə ən yaxşı nəticənin əldə olunması isə “Qarabağ”ın strateji yanaşmasının uğurunu göstərir.

Böyük pul xərcləyən klublar hər zaman uğur qazanmır. "Neftçi" 28 milyon, "Sabah" 27 milyon xərcə rəğmən ilk üçlüyə belə düşə bilmədilər. Deməli, məsələ təkcə pulda deyil, idarəçilikdə və strategiyadadır. Bu baxımdan da “Qarabağ” fərqlənir.

Azarkeşlərin və ümumiyyətlə Azərbaycan futbol ictimaiyyətinin "Qarabağ"dan artıq sadəcə daxili hegemonluq yox, Avropada da daha ciddi nəticələr gözləməsi tam haqlıdır. Özəlliklə də artıq klub oyuncu satışından gəlir əldə etməyə başlayıb. Bu mövsüm Juninyo, ondan əvvəl isə Kadi. Bu, çox müsbət tendensiyadır.

Ancaq böyük suallar da az deyil.
Birinci və ən ciddi məsələ — bazalaşma problemi. Bu qədər uğurlu və Azərbaycan futbolunun 1 nömrəli klubu olaraq tanınan "Qarabağ" hələ də tam funksional, müasir standartlara cavab verən baza məsələsini həll edə bilməyib. Akademiyada irəliləyiş var, amma infrastruktur hələ də "yarımçıq ümid" mərhələsindədir.

Əgər klub böyük nəticələr üçün böyük pullar xərcləyirsə, eyni yanaşma infrastruktur sahəsində də tətbiq olunmalıdır.

Daxili çempionatda "Qarabağ"ın rəqibi yoxdur, amma Avropada rəqiblər çoxdur və hər biri güclü bazaya və illərlə formalaşmış sistemə malikdir.

Çempionluq nəticə, sistem və baza isə gələcəyin təminatıdır...

Mirələm HƏSƏNLİ 


Paylaş: