"Qarabağ" "Sabah"a qarşı
Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
Sportlife.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu-12-ci pillədə qərarlaşıb.
Günün 2-ci matçında çempionluğa iddialı komandalar "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla 2-ci sıradadır.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3 cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.