Rəşad Sadıqov: "Rəqibdən üzr istəyirəm"
Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis oyun barədə bu fikirləri səsləndirib.
– Oyundan əvvəl də bilirdik ki, maraqlı və gərgin mübarizə olacaq. Eyni gücdə 2 rəqib qarşılaşırdı. Pis başladıq, səhvlər ucbatından qol epizodları verdik, ilk hissənin ortalarında oyunu bərabərləşdirdik. 2-ci hissəyə isə çox yaxşı, fəal başladıq, sürəti qaldırdıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxmağımız məyusedici oldu. Buna baxmayaraq, “Neftçi” kimi rəqibə qarşı futbolçuların verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqələrdə qoı vurmaq olduqca önəmli idi, mənim üçün qürurvericidir. Oyundan sonra “Neftçi”nin futbolçularından kimi gördümsə, üzrxahlıq etdim. Epizodu görmədim, amma bildirdilər ki, Konate rəqibin ehtiyat oyunçular skamyası yaxınlığında qol sevinci edib. Bu səbəbdən fürsətdən istifadə edib, rəqibdən üzr istəyirəm.
– Bəs qol epizodu ilə bağlı nə deyə bilərsiniz? Futbolçunuz passiv oyundan kənar vəziyyətdə idi...
– Epizoda baxmadığım üçün dəqiq bir şey deyə bilmərəm.
– “Neftçi” tərəfi qol sevincinə, yoxsa oyundankənar vəziyyətə görə etiraz edirdi?
– Mən hakimlərdən soruşanda mənə dedilər ki, qol qeydə alınıb. Onlar kənardakı qarşıdurmaya yönəlmişdilər.