"Artıq "Qarabağ"da darıxırdım"

  • Dünən, 14:37

"Qarabağ”da 4 uğurlu və gözəl il keçirdim. Çətin idi. Çünki klubun ambisiyaları hər mövsüm artırdı, lakin həm yerli çempionatda, həm də Avropa arenasında keyfiyyət və nəticələr göz önündə idi. 4 dəfə çempion olduq, demək olar ki, eyni sayda “qızıl dubl” etdik".

Sportlife.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın monteneqrolu sabiq futbolçusu Marko Veşoviç ölkəsinin mətbuatına müsahibəsində deyib.

33 yaşlı sağ cinah müdafiəçisi Ağdam klubundakı karyerasından və gələcək planlarından danışıb: "Avropa Liqasında "Bayer"ə qarşı oyunumuzu uzun müddət xatırlayacaqlar. Təəssüf ki, hər iki matçda əlavə dəqiqələrdə buraxdığımız qollara görə mərhələni keçə bilmədik. Klub böyüdükcə mən də oyunçu kimi inkişaf etdim. Amma artıq darıxırdım. Yeni motivasiyaya ehtiyac duyduğumu hiss etdim və yoluma davam etməyə qərar verdim. Klubdakı hər kəsə minnətdaram və onlara uğurlar arzulayıram".

Hazırda sərbəst futbolçu olan Veşoviçin sözlərinə görə, ona maraq böyükdür: "Təkliflər kifayət qədərdir, lakin hazırda əvvəlki mövsümlərdə edə bilmədiyim istirahətin dadını çıxarmaq istəyirəm. Yaxın 10 gün ərzində konkret danışıqlar gözləyirəm. Karyeramı güclü liqada davam etdirmək istərdim, amma eyni zamanda ailəmlə sakit yaşaya biləcəyim Monteneqroya yaxın olmaq istəyirəm".

Qeyd edək ki, Marko Veşoviç bu yay "Qarabağ"dan ayrılıb.


Paylaş: