Dövlət vəsaiti trollara xərclənir?

  • Bu gün, 12:08

Müstəqil medianın qarşısındakı “müstəqil” sözü çoxlarını narahat etdiyi kimi, artıq bəzi idman federasiyaları və klublarını da qıcıqlandırmağa başlayıb.

Duruşunu qoruyan jurnalistlərə və media qurumlarına qarşı yeni təzyiq vasitələri işə salınıb: trol şəbəkələri...

Bu “mübarizə”nin pulu hardandır? Futbolu inkişaf etdirmək üçün dövlət tərəfindən ayrılan vəsaitlər indi kimlərinsə sifarişli trollarına xərclənir?

 Artıq açıq şəkildə görünür: bəzi klublar öz trol orduları ilə təzyiqlərə başlayıb. Həmin trollar vasitəsilə tənqidlərə cavablar arqumentlərlə yox, söyüşlərlə verilir.

Müstəqil medianı nəzarətə ala bilməyən bəzi rəhbərlər təzyiqi dolayı yollarla göstərməyə çalışır. Təhqir, qaralama və koordinasiyalı hücumlar bir məqsədə xidmət edir. Onlar istəyir ki, media onların istədiyini yazsın, onların istədiyi çərçivədə danışsın. Özləri də dövlətdən gələn vəsaitdən özlərinə yazdığı maaşlar hesabına bəy balası kimi yaşasınlar.

Amma müstəqil və peşəkar media nəyi, nə vaxt və necə deməli olduğunu özü müəyyənləşdirir. Burada mövqelər sifarişlə dəyişmir.

Belə yanaşma ilə qurulan mühitlər uzunömürlü olmur. Çünki faktlar gec-tez üzə çıxır.

Bu yolun sonu yoxdur. Bir az da irəli getsələr, maskalar düşəcək. Adlar da, mexanizmlər də bir-bir ortaya çıxacaq.

Yaxşı olar ki, tutduqları yoldan əl çəksinlər. Bunu ciddi xəbərdarlıq kimi oxusunlar. Bir-birinə göndərsinlər...

Mirələm HƏSƏNLİ 


Paylaş: