
Yeni idman naziri Azərbaycana gəlir
Rusiya Federasiyası İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryov Azərbaycana səfər edə biləcəyini deyib.
Sportlife.az xəbər verir ki, o, bu barədə Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində keçirilən "İdman diplomatiyası: yeni çağırışlar və imkanlar" sessiyasında bildirib.
"İnkişaf edən beynəlxalq formatlar ölkələrarası səviyyədə həyata keçirilir. Bizim nümayəndə heyəti Bakıya – Azərbaycan Respublikasına səfərə hazırlaşır. Orada MDB Oyunları keçiriləcək. Azərbaycanın gənclər və idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm", – deyə Deqtyaryev bildirib.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Açılış (28 sentyabr) və bağlanış (8 oktyabr) mərasimləri Gəncə şəhərində baş tutacaq. Rusiya yığmasının heyətinə 260-dan çox idmançı daxil edilib.