Cavadov Pro kurslarından xaric olunacaq?

  • Bu gün, 12:56

Vaqif Cavadov 2 gün öncə "Sumqayıt"ın baş məşqçisi vəzifəsindən istefaya göndərildi. Bu, hazırda Pro kurslarında iştirak edən mütəxəssisə problem yarada bilər.

Çünki işləməyən məşqçilərin Pro-da iştirakı çətinləşir. Mətbuatda yazılanlara inansaq, Cavadov işini "Sumqayıt"ın əvəzedici komandasında davam etdirəcək. Son vaxtlar əvəzedicilər liqasının ləğvi gündəmdədir. Belə olarsa, U-17, U-19 kimi komandalarda işləmək kurslara qatılmaq üçün yetərlidirmi? Ümumiyyətlə, mütəxəssis Pro kurslarından kənarlaşdırıla bilərmi?

Bu sualla AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimova müraciət etdik. Mütəxəssis Sportlife.az saytına açıqlamasında bunları dedi:

"İşdən azad olunma, müqavilənin pozulması hər məşqçinin başına gələ biləcək hadisədir. UEFA Pro və digər lisenziya kurslarında AFFA-nın maariflənmə şöbəsi UEFA-nın şərtlərinə riayət etmək məcburiyyətindədir ki, biz də bunu sevə-sevə edirik. Yaxın günlərdə texniki direktor, maariflənmə şöbəsinin rəhbəri ilə oturub hər şeyi müzakirə edəcəyik. Hələlik ortada konkret bir şey yoxdur. Bir tərəfdən, məşqçinin qrupdan dərhal xaric edilməsi mümkündür. Təbii ki, bunu istəmərik. Amma məcbur qalsaq, kimsə kursdan çıxarılacaq. Çünki UEFA-nın konvensiyasının şərtlərinə riayət etməkdə hökmlüyük. Bunun başqa yolu da yoxdur. Durumun necə olacağına baxacağıq. Hər halda istənilən kursda oxuyan iştirakçının müvafiq səviyyədə işləməsi lazımdır. Yaxın günlərdə daha çox şey biləcəyik. Hadisələri qabaqlamağım düzgün olmaz".


Paylaş: