
"Qarabağ"ın futbolçuları "Udineze"də
“Qarabağ”ın İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.
Sportlife.az xəbər verir ki, tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.
Razılaşmaya əsasən, “Qarabağ” akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçuların Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mühüm əməkdaşlığın qurulmasında klubumuzun prezidenti Tahir Gözəlin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Onun “Udineze”yə sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözəlin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və “Qarabağ”ın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.
Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiya üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.