28 milyonluq "Neftçi”ni uğursuzluğa aparan mexanizm: Cenk, Kamil və cavabsız suallar

  • Bu gün, 16:41

"Neftçi" 2024-cü ildə 28 milyon 250 min 286 manat büdcəni zay etdi. Bu qədər resursla çempionluq uğrunda mübarizə aparmaq minimum gözlənti olmalı idi. Amma reallıqda “Neftçi” mövsümü nə çempionluq titulu, nə kubok, nə də avrokuboklara vəsiqə ilə başa vurdu. Başqa sözlə, mövsüm sıfır nəticə ilə tamamlandı.

Bəs bu qədər sərmayənin zay edilməsinin izahını kim verəcək? Bu uğursuzluğa görə məsuliyyəti kim daşıyır? Görünən odur ki, heç kim.

Klubda bu işlərin arxasında dayanan əsas fiqurlar klub rəhbərliyində təmsil olunan baş icraçı direktor Cenk Sümer və idman üzrə müşavir Kamil Məmmədovdur.

Cenk Sümer haradadır?

Baş icraçı direktor Cenk Sümer klub idarəçiliyinə hansı yenilik gətirib? Onun fəaliyyəti hansı meyarlarla qiymətləndirilir? Klubun idarə olunmasında tətbiq etdiyi strateji yanaşma nədən ibarətdir? O, Bakıya gətirildi, kreslosuna əyləşdi, büdcəni yönəltdi, bəs nəticə? Sıfır. Klub daxilində bu sualları ona verən varmı?

Kamil Məmmədovun siyahısı var, hesabatı yoxdur?

İdman üzrə müşavir Kamil Məmmədov artıq yeni futbolçuların siyahısını hazırlayır? Bəs köhnə siyahının nəticəsi nə oldu? 28 milyonluq sərmayə nəyə sərf olundu? O transferlərdən nə əldə olundu? Bu mövsüm itirilibsə, siyahını yenidən hazırlayanlar bu dəfə nəyi dəyişəcək?

“Neftçi”də hesabat mədəniyyəti varmı?

“Neftçi” texniki baxımdan deyil, idarəetmə səviyyəsində uğursuzluq yaşayır. Əslində məsələ təkcə bu mövsümün nəticəsizliyində deyil. Problem daha dərindir. Söhbət hesabatlılıqdan, məsuliyyətdən uzaq bir idarəetmə sistemindən gedir. Əgər 28 milyon manatlıq büdcə havaya sovrulubsa və bu, klub daxilində heç bir məsuliyyət doğurmursa, onda “Neftçi”nin problemi nə məşqçidə, nə də futbolçulardadır. Problem idarəetmə mexanizmindədir.

Mirələm HƏSƏNLİ 


Paylaş: