
AFFA daxilində narazılıq artır: Fərəcullayev nəyi gizlədir?
AFFA rəsmilərinin Paraqvay səfəri ətrafında yaranmış suallar cavabsız qaldı. Nə Sərxan Hacıyev, nə də Cahangir Fərəcullayev bu səfərlə bağlı ictimaiyyətə heç bir açıqlama vermədilər. AFFA-nın rəsmi saytında da bu haqda bir cümlə belə dərc edilmədi. Halbuki bu mövzu ilə bağlı bir neçə gün öncə də yazmışdıq. Təəssüf ki, bu, heç bir nəticə vermədi və susqunluq davam etməkdədir.
Əldə etdiyimiz məlumata əsasən, Paraqvay səfərindən qayıtdıqdan sonra baş katib Avropa Liqasının final oyununu izləməyə gedib. Burada diqqətçəkən məqam odur ki, Cahangir Fərəcullayevin bu səfəri 4-5 gün çəkib. Anlayışla yanaşırıq, belə beynəlxalq tədbirlərə hər federasiyadan nümayəndələr dəvət alır. Lakin sadəcə final matçına baxmaq üçün ölkəni bu qədər uzun müddətə tərk etmək nə dərəcədə məqsədəuyğundur? Bu günlər ərzində başqa hansı görüşlər keçirilib? Bu barədə də futbol ictimaiyyəti məlumatlandırılmayıb.
Əldə etdiyimiz başqa bir məlumata görə, Paraqvay səfəri ilə bağlı informasiyanın ictimaiyyətə verilməməsi məhz baş katibin şəxsi istəyi olub. Avropa Liqasının finalı üçün 4-5 günlük ölkədən gedən baş katib, bu səfərin federasiyanın rəsmi saytında yer almamasını da özü tələb edib. Niyə? Bu məlumatlar nə üçün gizlədilir? Nədən çəkinirlər? Hansı səbəblə bu səfər belə qapalı saxlanılır?
Bundan əlavə, bizə çatan informasiyaya görə, Cahangir Fərəcullayevin 4-5 günlük yoxluğu AFFA daxilində də ciddi narazılıq yaradıb. Çünki baş katib qurumun gündəlik fəaliyyətində əsas hərəkətverici fiqurdur və onun belə bir müddət ərzində ölkədə olmaması federasiya daxilində proseslərin koordinasiyasına mənfi təsir göstərir.
Bütün bu suallar açıq qalır. Belə gizlilik AFFA-nın nüfuzuna və ictimai inamına heç də müsbət təsir göstərməyəcək...
Mirələm HƏSƏNLİ