
"Bu dəfə tilsimi qıracağam” - MÜSAHİBƏ
Qadın güləşi üzrə U-20 Avropa çempionu Ruzanna Məmmədova (62 kq) federasiyanın rəsmi saytına müsahibə verib.
Sportlife.az həmin müsahibəni təqdim edir:
– Dünya çempionatına hazırlıq necə gedir? Özünüzü yarışa nə qədər hazır hiss edirsiniz?
– Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək.
– Son vaxtlar zədələr sizə yarışlarda mane olur. Bu dəfə belə problem yoxdur ki?
– Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm.
– Üç il əvvəl U-17 Avropa və dünya çempionu olmuşdunuz. Bu il eyni nəticəni U-20-də təkrarlaya bilərsəniz. Sizcə alınacaq? Bunun üçün nə lazımdır?
– İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm.
– Dünya çempionluğu yolunda əsas rəqibləriniz hansı güləşçilər olacaq?
– Bilirsiniz ki, Dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik.
– Əsas rəqib saydığınız güləşçilərin görüşlərini izləyib, zəif-güclü tərəflərini təhlil edirsiniz?
– Əlbəttə, baxıram. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram.
– Gələcəkdə özünüzü yuxarı çəkidə sınamaq fikriniz var, yoxsa 62 kq-da davam etmək istəyirsiniz?
– Çəki baxımdan konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır.
– Daha güclü olmaq üçün hansı keyfiyyətlərinizi inkişaf etdirməyə çalışırsınız?
– Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram.