
Hoqqabazlıq
Son müşahidələrimiz göstərir ki, bəzi klublar, federasiyalar və onların nümayəndələri informasiya axınını idarə etmək üçün qeyri-peşəkar və məqsədli yollara əl atırlar. Bəli, biz bunu açıq deyirik: bəzi rəsmilər xəbərlərini özlərinə yaxın media orqanlarına ötürməklə, informasiya bərabərliyinə zərbə vurur, medianın oyun qaydalarını pozurlar.
Bu şəxslərin məqsədi nədir? Rəqabəti manipulyasiya etmək? Özlərinə yaxın mediaya "eksklüziv" təqdim edib, ictimai rəyə təsir göstərmək? Bu, sadəcə etik pozuntu deyil. Bu, medianın təməl prinsiplərinə açıq hücumdur. İnformasiyanı gizlətmək, onu məqsədli şəkildə yönləndirmək, bəzi jurnalistləri prosesdən kənarda saxlamaq - bu, ayrı-seçkilikdir!
Biz jurnalist olaraq illərlə peşəkar davranış kodeksinə sadiqik. Amma bu sükutun sonsuz olacağını düşünmək sadəlövhlük olar. Belə klublara, federasiyalara açıq mesajımız var: bu cür oyunlara son qoyun! Kimin necə işlədiyi, məlumatları hansı yollarla kimə ötürdüyünü bilirik.
Media mühiti hamıya bərabər yanaşmanı tələb edir. Burada informasiya uğrunda sağlam rəqabət olmalıdır, gizli razılaşmalar və "səssiz ittifaqlar" deyil.
Əgər bir klub özünə yaxın jurnalisti məlumatla təmin edirsə, digərlərini isə prosesdən kənarda saxlayırsa, bu, hoqqabazlıqdır. Bu manipulyasiyadır. Bu, media mühitinə açıq xəyanətdir.
Son xəbərdarlıq kimi qəbul edin: media ilə oynamaq, onu bölmək, jurnalistlər arasında favoritizm yaratmaq cəhdləriniz iflasa məhkumdur. Bu meydan ədalət meydanıdır. Kim bu prinsiplərə hörmət etmirsə, özünü bu mühitin kənarında görməyə hazır olsun.
Mirələm HƏSƏNLİ