
Rövşən Nəcəfin gördüyü işə...
AFFA-da idarəçilik sistemi Azərbaycan futbolunu bataqlığa sürükləyir. Görüləcək işlər bir yana, qurumun daxilində hökm sürən münasibətlər, mövqe savaşları və şəxsi maraqlar federasiyanı iflic vəziyyətinə salıb.
Rövşən Nəcəfin rəhbərliyində qurulan komandanın futbolun gələcəyinə yönəlik strategiyası fıs çıxdı. Nəcəf federasiya daxilində sağlam və effektiv idarəetmə mühiti formalaşdıra bilmədi.
1 il yarım ərzində nə addım atıldı, nə yol xəritəsi cızıldı, nə də ən azı sistemli bir cəhd müşahidə olundu. Vəziyyətin bu həddə gəlib çıxmasının bir nömrəli məsuliyyəti birbaşa Rövşən Nəcəfin üzərindədir. Amma o nə edir? Heç nə. Sadəcə olaraq susur, seyr edir və proseslərə tam laqeyd qalır.
Bu gün AFFA-nın içində “komanda işi” yox, “klan savaşı” hökm sürür. Baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyev fərqli cəbhələrdə döyüşür, hərəsinin öz çevrəsi, öz maraqları var. Prioritet futbol deyil. Prioritet kreslo və təsir dairəsini genişləndirməkdir. Bu xaotik mühitdə futbol kimin yadına düşə bilər axı?
Rövşən Nəcəf istədiyi ekosistemi yaratmaq əvəzinə, elə bir mühit formalaşdırıb ki, orada şəxsi maraqlar və nüfuz uğrunda mübarizə əsas prinsipə çevrilib. Bu komanda AFFA-ya futbolu inkişaf etdirmək üçün yox, kreslo və imtiyaz qazanmaq, öz imkanlarını genişləndirmək üçün gəlib. İllərdir AFFA ətrafında baş verənlərdən dərs çıxarılmadı, indi isə tam iflas dövrünü yaşayırıq.
Əgər bu kurs dəyişməzsə, Azərbaycan futbolunu daha da qaranlıq illər gözləyir. Bu artıq təkcə uğursuzluq deyil, bilərəkdən edilən biganəlik və məsuliyyətsizlikdir. Bu gedişata vaxtında son qoyulmazsa, təkcə futbol yox, daha bir nəsil də itib gedəcək.
Mirələm HƏSƏNLİ