Ehtiram Quliyev: "Komandanın qarşısına çempionluq hədəfi qoyulub"

  • 8 Avqust 2025, 23:10

"Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, komandanı tam komplektləşdirmək olmadı, çünki transfer xətrinə transfer etmək istəmirik. Büdcəmiz o qədər də böyük olmasa da, səhv etmək şansımızı minimuma endirdik. Bununla belə, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür, komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Tibbi personalımızı gücləndirdik, düşünürük bu addımlar biz çox kömək edəcək. Yayda tam istədiklərimizi həyata keçirə bildik".

Sportlife.az xəbər verir ki, bunu "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İdarə Heyətinin sədri transfer çalışmalarını davam etdirdiklərini söyləyib: "Transfer çalışmaları davam edir. Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçularla bağlı müzakirələr aparırıq. Bundan sonra minimum 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu məsələ üzərində ciddi çalışır. Yeni transferlər zamanı mərhələli addımlardan keçirdik. Bəzilərinin fiziki hazırlıq səviyyəsi bizi tam qane etməsə də, artım müşahidə olunur. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz narahat olmasınlar, komandamız yeni mövsümə yaxşı hazırlıq keçib".

Quliyev komandanın infrastrukturunun gücləndirilməsi işlərinə önəm verdiklərini bildirib: "Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Bizdən əvvəlki rəhbərliyin göstərdiyi nümunə ilə davam etdik. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qətər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktaybr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".

O, azarkeşlərin onlar üçün çox önəmli olduğunu vurğulayıb: "Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm onan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".


Paylaş: