
Rəşad Sadıqov: "Heç bir danışıq olmayıb"
"Zirə" Azərbaycan Premyer Liqasının XXXV turunda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Sportlife.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqiv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. İkinci yeri təmin etsək də, oyuna tam gücümüzlə hazırlaşmışdıq. Nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam.
- İki il bundan qabaq daha çox “Qəbələ”nin oyunçularını heyətinizə qatmışdınız. Ötən mövsüm “Kəpəz”dən ayrılan oyunçuları götürdünüz. Bu mövsüm hədəfdə hansı komandadır?
- Bütün komandaların müqavilələri bitmiş oyunçularını nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Sırf hansısa komandadan oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz futbolçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, çempionatımızda müqaviləsi bitmiş oyunçulardan götürmək istəyərik.
- 71 xal yığmağınızda “Qarabağ”ın rolu nə dərəcədə var? Rəqibləriniz meydança tapmayanda, “Qarabağ” sizin üçün şərait yaradırdı…
- Təbii olaraq, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla prblemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bir neçə məşqi orada keçirdik. Əminəm ki, əksi olsaydı, eynisini biz də edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll etmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik, öz bazamız olsun. Çətindir, böyük maddiyyat tələb edir. Çlaışacağıq ki, bunu həll edək.
- Əvvəllər deyilirdi ki, baza üçün yer var. O, məsələ nə yerdədir?
- Biz o yeri götürmüşük, alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti sezon həll etməyə çalışırıq.
- Kubokun finalında “Qarabağ”ın udmasını arzulayacaqsınız?
- Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm. "Turan Tovuz" və "Araz-Naxçıvan" da layiqdir. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəyəm. Avropa Liqasına getmək istəyərik. Orada bir oyun uduzmaq imkanın var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.
- Deyəsən, müqaviləniz başa çatır. Danışıqlar olub?
- Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacağam. Bu komandaya gəlməkdə əsas məsələ də rəhbərliyin istəyi idi. Müəyyən planlar var, onları müzakirə etməmişik. Yaxın vaxtlarda danışacağıq.