"Hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın"

  • 4 Oktyabr 2025, 19:49

"Kəpəz" Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"la qarşılaşmağımıza baxmayaraq, uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Çox çətin durumda olan komandaya gəldiniz. "Kəpəz"i bu vəziyyətdən çıxacağınıza inanırsınız?

- İnanıram. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

- Komandanın oyununda irəliləyiş hiss olunur. 3 gün ərzində nəyi dəyişə bildiniz?

- Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

- Qarşıda milli fasilə gəlir. Bu, sizin üçün yaxşı fürsət ola bilər?

- Əslində yoxlama oyunu keçirmək planımız var. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik.


Paylaş: