
Mourinyo 15 milyon təzminat istəyir
Joze Mourinyo Türkiyənin "Fənərbağça" klubunun baş məşqçi postundan ayrılmağa yaxındır.
Sportlife.az AS nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı portuqaliyalı mütəxəssis Londonda klubun prezidenti Ali Koç ilə görüşərək müqavilənin vaxtından əvvəl ləğvi məsələsini müzakirə edib.
Mourinyo açıq şəkildə bildirib ki, güzəştə getmək fikrində deyil və yalnız müqavilənin sonuna qədər ona düşən 15 milyon avro ödənilərsə, ayrılığa razı olacaq.
Hazırda tərəflər arasında danışıqlar davam edir və Mourinyonun taleyi yaxın günlərdə aydınlaşa bilər.
Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında “Fənərbağça”nın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi ilə komanda Türkiyə çempionatında “Qalatasaray”a uduzaraq mövsümü ikinci yerdə başa vurub.